3 dekabr 2024-cü il tarixində ATİAHİ Respublika Komitəsində “Yollayışların yeni qaydalarla verilməsi” mövzusunda geniş tərkibli iclas keçirildi.
3 dekabr 2024-cü il tarixində ATİAHİ Respublika Komitəsində “Yollayışların yeni qaydalarla verilməsi” mövzusunda geniş tərkibli iclas keçirildi.
İclasda ATİAHİ sədri Araz Paşayev, sədr müavinləri Mirzə Cəfərzadə və Turanə Kərimova, AHİK sədrinin müşaviri İlkiyar Ziyadov, “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emiliya Səfərəliyeva və üzv təşkilatların sədrləri iştirak edirdilər.

Tədbiri ATİAHİ sədr müavini Mirzə Cəfərzadə açaraq iştirakçıları salamladı və görüşün əsas məqsədi barədə məlumat verdi. Sonra söz ATİAHİ sədri Araz Paşayevə verildi.
Araz Paşayev görüşün əsas məqsədinin yollayışların verilməsində yeni qaydaların tətbiqi məsələsi olduğunu qeyd etdi. Yeni sistemin şəffaflığı təmin etmək və üzvlərin yollayışlardan bərabər şəkildə yararlanmasını təmin etmək məqsədi daşıdığını vurğuladı. O, sənədləşmə prosesinin elektronlaşdırılmasının bu istiqamətdə atılacaq ən vacib addımlardan biri olduğunu bildirdi. Eyni zamanda, yaşlı nəsil təhsil işçiləri və müasir texnologiyadan istifadə edə bilməyən üzvlər üçün kağız formasında müraciət imkanlarının hələ də qalacağını əlavə etdi.

Daha sonra AHİK sədrinin müşaviri İlkiyar Ziyadov çıxış edərək yeni qaydaların mahiyyəti və məqsədləri barədə danışdı. O, qeyd etdi ki, yollayışların rəqəmsallaşdırılması prosesi yalnız şəffaflığı artırmaqla kifayətlənməyəcək, həm də vaxt və resurslara qənaət edəcək. 

Ardınca, “Kurort” Turizm İnformasiya Mərkəzinin direktoru Emiliya Səfərəliyeva çıxış etdi. O, yollayışların mərkəzləşdirilmiş qaydada idarə olunması, güzəştlərin tətbiqi və üzvlərin bərabər imkanlardan faydalanması üçün atılacaq addımlar barədə məlumat verdi. Şəhid ailələri, qazilər və sağlamlıq problemi olan üzvlər üçün xüsusi güzəştlər olacağını qeyd etdi. Eyni zamanda, tətbiq edilən xüsusi güzəştlərin ATİAHİ sədrinin səlahiyyətlərinə daxil olduğunu vurğuladı. Emiliya xanım əlavə etdi ki, yollayış üçün müraciətlər yalnız yay mövsümü ilə məhdudlaşmamalı, digər fəsillərdə də üzvlərin istirahətə cəlb olunması təmin edilməlidir. Bu, müraciətlərin sayını balanslaşdırmağa və sistemin daha effektiv işləməsinə kömək edəcək.

Araz Paşayev əlavə olaraq üzv təşkilatlarla birbaşa əməkdaşlığın gücləndirilməsinin, onların fəaliyyətlərindəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini vurğuladı. O, xüsusi qruplar üçün güzəştli yollayışların davam etdiriləcəyini təsdiqlədi və bu tədbirlərin həm sosial təminatın gücləndirilməsinə, həm də daha ədalətli bir sistemin qurulmasına xidmət edəcəyini qeyd etdi.

Tədbirin növbəti hissəsi sədr müavini Mirzə Cəfərzadənin rəhbərliyi ilə davam etdi. O, üzv təşkilat sədrlərini işlərində daha məsuliyyətli olmağa və neqativ halların qarşısını almağa çağırdı.
Ardınca, tədbir şöbə müdirlərinin çıxışları ilə davam etdi. Onlar öz növbəsində tətbiq olunan yeni proqramlar haqqında təlimat verdilər və iştirakçıların suallarını cavablandırdılar. 
Tədbirin sonunda üzv təşkilat sədrlərinin ATİAHİ-nin fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırıldı. Sədr və sədr müavinləri iştirakçıları işlərində şəffaf, obyektiv və operativ olmağa çağırdılar. Həmçinin, Yeni İl ərəfəsində keçirilməsi nəzərdə tutulan şənliyin təhsil sahəsində çalışan xüsusi qruplar və təhsildə uğurlu nəticələr göstərən müəllimlər üçün təşkil ediləcəyini bildirdilər.
IMG_9222.JPG 415.75 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo